Bakının artan qloballığı - Yeni “Soyuq Müharibə”nin isti küləkləri haradan əsir?
Bildiyimiz kimi, son zamanlar Rusiya-ABŞ, Rusiya-NATO münasibətləri dondurulmuş vəziyyətdədir. Bura yalnız diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Faktiki olaraq, bu münasibətlər sovetlər dövründəkindən və “Soyuq müharibə” vaxtındakından da pis vəziyyətdədir. Ona görə də, Gerasimov və Pavelin Bakı görüşü strateji məqsəd daşıyırdı.
Təsadüfi deyil ki, görüş Suriya prezidenti Bəşər Əsəd qüvvələri tərəfindən edildiyi iddia edilən şübhəli kimyəvi silah hücumuna cavab olaraq, ABŞ, Britaniya və Fransanın birgə həyata keçirdiyi raket zərbələrindən bir həftədən də az müddətin keçdiyi bir vaxta reallaşdırıldı.
Ayrı-ayrı bəyanatlarla NATO və Rusiya Müdafiə Nazirliyi görüşdə hərbi təlimlər və qoşunların hərəkəti barədə müzakirələr keçirildiyi barədə məlumat yaydı. Hər iki tərəf də Baltik dövlətləri və Şərqi Avropada riskli yerləşmələrdən ötrü digər tərəfi ittiham edirdi.
“Skaparotti və Gerasimov Avropada NATO və Rusiyanın hərbi aktivliyi ilə bağlı ortaya çıxan narahatlıqları müzakirə ediblər”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
NATO tərəfi isə görüşün hərbi vəziyyət və təlimlərə fokuslandığını qeyd edir. Görüş zamanı, həmçinin müharibəyə yol aça biləcək hərbi hadisələrdən yayınmaq üçün uyğun olan müdafiə ritorikası da müzakirə edilib.
Rusiya tərəfi cütlüyün Moskva və Qərbin əks tərəfləri dəstəklədiyi və İŞİD-ə qarşı vuruşduğu Suriyadakı yeddi illik vətəndaş müharibəsi barəsində də danışdığını bildirib. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Qərbin Suriyaya növbəti hücumlarının beynəlxalq arenada xaos meydana gətirəcəyini qeyd edib.
NATO-nun şərqdə keçmiş Sovet nüfuz dairəsinə genişlənməsi fonunda Kreml ABŞ rəhbərliyindəki alyansın Baltik və Şərqi Avropadakı yeni çəkindirməçilik addımlarını öz təhlükəsizliyi üçün təhdid olaraq görür.
Bununla yanaşı təşkilat, inadlı Rusiyaya qarşı özünü müdafiə etmək məqsədilə modernizasiyaya getdiyini bildirir. Alyans Krımın ayrılmasını və sentyabrda şərq qanadı yaxınlığındakı genişmiqyaslı təlimlər keçirilməsini Avropanın stabilliyinə risk olaraq qəbul edir.
Hər iki tərəfin təlimlər keçirməsi və ordularını gücləndirməsi, rəqib gəmilər, raketlər, təyyarələr arasında hadisə riskinin artması iki nüvə gücü arasında vəziyyəti daha da çətinləşdirir.
Bu ayın əvvəlində Rusiyanın Baltik dənizində real mərmili raketləri sınaqdan keçirməsi Latviya və neytral İsveçi həyəcanlandırdı.
Bu baxımdan, Skaparotti və Gerasimov arasında keçirilən görüş hər iki tərəfin yüksək hərbi fiqurları arasında rəsmi kommunikasiya əlaqələrini bərpa etməyə yönəlik aparlan bir illik diplomatik addımların davamıdır.
“General Skaparotti və general Gerasimov hərbi kommunikasiya xəttinin gələcəkdə də istifadəsinin davam etdirilməsinə razılaşdılar”, - deyə NATO-nun bəyanatında vurğulanır.
Bütün bunlarla yanaşı, görüşün Bakıda keçirilməsi məqsədləri və Bakının artan qloballığı da gözdən qaçmır. Qeyd edək ki, 2017-ci ilin əvvəllərində NATO Hərbi Komitəsinin rəhbəri, çex general Pyotr Pavel iki ildən sonra ilk dəfə Gerasimovla telefonla əlaqə saxladı. Bu isə onların ötən ilin sentyabrında Bakıda görüşmələrinin yolunu açdı. ABŞ-ın yüksək səlahiyyətli hərbi rəsmisi general Cozef Danfor da ötən il Bakıda Gerasimovla bir araya gəldi.
Ümumiyyətlə, yeni görüşün də Bakıda keçirilməsi iki səbəbədən ölkəmiz üçün önəmlidir.
Birincisi, görüşün yenidən Bakıda baş tutması Azərbaycana verilən böyük əhəmiyyətə və ölkəmizin bölgədə oynadığı mühüm rola işarədir.
İkincisi, Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasətə növbəti dəfə dəstək mənasını daşıyır.
Ən önəmli səbəb isə təbii ki, ölkəmizin NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir. Aydındır ki, ölkəmiz belə görüşləri qərəzsiz olaraq özünə uyğun bilir. Burada həm Moskva təhdidlə qarşılaşmır, həm də NATO Bakını özünə tərəfdaş olaraq görür.
Karabakh Today