Heydər Əliyevin Şuşa səfəri
Ulu öndər Heydər Əliyevin Şuşaya ilk səfəri 1982-ci il yanvar ayının 14-də Vaqifin məqbərəsinin açılışı zamanı olmuşdur. Heydər Əliyevin Şuşaya ikinci səfəri isə söz verdiyi kimi ailə üzvləri ilə birlikdə 1982-ci ilin iyul ayının axırında baş tutdu və həmin səfər çərçivəsində Vaqif poeziya günlərində, həm də bir neçə obyektin – Yaşıl aptek, Natavanın büstü, Xalça muzeyi, Rəsm qalereyası, Poeziya evi və s. açılışında iştirak etdi.
Heydər Əliyevin Şuşaya ikinci səfəri zamanı yadda qalan bir epizod baş vermişdir: “Tədbir vaxtı Şuşanın 90 yaşlı, hörmətli, həm də zarafatcıl ağsaqqalı Dağ İsmayıl yavaş-yavaş tribunaya yaxınlaşmış, ancaq mühafizə xidməti ona irəliyə getmək üçün imkan verməmişdi. Bu, insanlara həmişə böyük diqqətlə yanaşan Heydər Əliyevin gözündən qaçmamışdı. O, tədbir qurtarandan sonra ağsaqqala müraciətlə demişdi: “Ağsaqqal, yaxın gəl, mənə sözün var?”
İsmayıl əmi ona yaxınlaşıb demişdir: “Heydər müəllim, Şuşaya xoş gəlmisiniz. Xahiş edirəm tez-tez gəlin, həm də əliboş gəlməyin. Tikinti, abadlıq işlərini həyata keçirmək üçün Şuşaya vəsait ayırın”.
Heydər Əliyev gülə-gülə cavab vermişdi: “Mən Şuşanı çox sevirəm. Ona görə də Şuşaya ailəmlə birlikdə gəlmişəm. Söz verirəm ki, Şuşaya tez-tez gələcəm və köməyimi də Şuşadan əsirgəməyəcəm”.
"Karabakh Today"