• Ermənilərin köçürülməsinə qarşı Naxçıvanda Keçili üsyanı

Sovet tarixşünaslığında Azərbaycanda baş verən milli-azadlıq hərəkatları, üsyanlar, etiraz çıxışları əksinqilabçı damğası almış, cəmiyyətin düşmənləri kimi qələmə verilmişdir. Məlumdur ki, Sovet rejimi qurulan ilk vaxtlardan kollektivləşmə adı altında əhalinin torpaqları ilə yanaşı respublikalar arasında da torpaq bölgüsü ədalətsiz aparılırdı. Bu ədalətsizlik əsasən də Qərbi Azərbaycanda və Naxçıvanda özünü kəskin formada göstərirdi. Sovet hakimiyyətinin yaranması Naxçıvan bölgəsi əhalisinin bu acınacaqlı vəziyyətini dəyişmədi, əksinə ermənilərə çar Rusiyasını əvəz edən sovet Rusiyasının çox böyük diqqəti sayəsində Qars və digər sərhəd müqavilələrinin şərtlərinin Ermənistanın xeyrinə pozulması, yəni Ermənistan SSR-in ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi prosesi başlandı. Beləki, Qars müqaviləsi təsdiqləndikdən az sonra Dərələyəz əhalisinin İran Azərbaycanında və Naxçıvan mahalında qaçqın olmasından istifadə edilərək mahalın ərazisi Ermənistana qatıldı. 1920-1929-cu illərdə tarixi Naxçıvan əraziləri olan Vedi, Zəngəzurun bir hissəsi və Mehrinin sovet Ermənistanına pay verilməsinin nəticəsi olaraq bölgə blokada şəraitinə düşdü. Orta əsr feodal qaydalarına uyğun şəkildə bu ərazilər üzərində yaşayan azərbaycanlılarla birgə pay alan Ermənistan ikinci addımı ataraq azərbaycanlı əhalinin məhvinə və sürgününə başladı.

Buna etiraz edənləri qaçaq adı altında qələmə verən bolşeviklər əhaliyə amansız divan tutur, zorla onların ailələrini sürgün edir, boşalan ərazilərə isə erməni ailələrini köçürürdülər. Azərbaycanda sovet rejiminə qarşı milli müqavimət hərəkatının əsas formalarından biri də qaçaqçılıq hərəkatı deyilən, lakin əslində ermənilərə və onlara havadarlıq edən bolşeviklərə qarşı baş verən üsyanlardan biri də Naxçıvanın Şahbuz rayonunda başlanan “Keçili dəstəsi” adlı 25 yaşlı Qaçaq Quşdan hərakatı idi.

 

Keçili kəndi Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin yamacında yerləşən qədim yurd yerlərindən biridir. Ərazidəki Kolluq yaşayış yeri, Dəyirman yeri, IX-XIII əsrlərə aid Xaraba Keçil kənd yeri, Keçil qəbiristanlığı və sair kimi maddi-mədəniyyət abidələri burada yaşayışın qədimdən mövcud olduğunu təsdiqləyir. Azərbaycanda məşhur olan Çınqıllı bulağı da bu kənddə yerləşir. Səfəvilərin hakimiyyəti dövründə Arazın şimalına köçüb Naxçıvanda məskunlaşan tayifeyi-keçili Kəngərli tayfaları ilə qaynayıb-qarışmış, təbiətin gözəl guşəsində özlərinə yurd-yuva salmış qədim soykökümüzü qoruyub saxlayan türk tayfalarından biridir.

 

Keçili kəndi ümumiyyətlə tarixə nəzər salsaq heç kimə boyun əyməyən insanların yaşadığı bir yer idi. Hələ Naxçıvan qəzasının Qoşadizə və Kəngərli kəndliləri 1885-ci ildə mülkədarlara vergi verməkdən imtina etmişdilər. Əbrəqunis və Bənənyar kəndliləri 1888-ci ildə mülkədar Sultanovlardan özlərinin vaxtı ilə tutulmuş 250 desyatin torpaqlarını geri almışdılar. Keçili kəndliləri mülkədarlarla, xüsusən Rəhim xanla torpaq üstündə əlbəyaxa olmuş, ona silah qaldırmışdılar.

 

1930 – cu ilin fevral ayında Naxçıvan MSSR – də sovet hakimiyyəti əleyhinə üsyan qalxdı. Bu üsyanda ən fəal üzvlər Keçili və Nahaçir dəstələrindən idi. Nahacir dəstəsi Naxçıvan mahalında ordunun olmamasından istifadə edərək üsyana qonşu Sirab, Ərazin, Əbrəkinis kəndlərini də cəlb etmişdi. Keçili – Şahbuz üsyançı dəstələri də onlarla birləşmişdi.

 

Hərakatın başlanmasına təkan verən səbəb isə NKVD əməkdaşı erməni Orbelyanın Naxçıvan kəndlərinə kütləvi erməni ailələrini köçürməsi, onları silahlandırması və qaçaq adı altında yerli əhaliyə divan tutuması idi. Bu həmin Orbelyandır ki, Xızı rayonunun Ağdərə kəndində qanlı izlər qoyub getmiş, onun rəhbərliyi ilə bu kənddə 1931-ci ildə onlarla sakin günahsız güllələnmişdir. 1940-cı il, 145-205-ci siyahı, P-4768, iş №3-adlı arxiv sənədində yazılır ki, Orbelyan Ermənistana gedərək oradan Keçili və ətraf kəndlərdə yaşayan ermənilər üçün adambaşı Fransa tüfəngi və 200 patron gətirmiş, yerli azərbaycanlıların isə bütün silahlarını müsadirə etmişdir. Ona etiraz edənlər divan tutmuşdur.Təkcə Keçili kəndindən isə 70 nəfər güllələnmişdi. Onların 80 faizi yaşlı ağsaqqalar idilər ki, erməniləri əraziyə buraxmağın tərəfində deyildilər. Əhalinin etirazlarını görən Orbelyan Naxçıvan MR-nın Daxili İşlər xalq komissarı Aydəmirovu inandıraraq Sovet üsul-idarəsinə müxalif adı altında aşağıdakı şəxsləri 1930-cu il 22 senyabrda çıxarılan qərarı ilə cəzalandırmışlar; Keçili kəndindən Məmmədəli Cəfərəli oğlu, Salam İsmayıl oğlu, 240 Şahsuvar Kərim oğlu, Eyvaz Kərim oğlu, Məmmədəli Məmmədhüseyn oğlu, Müslüm Gülməli oğlu, Şahbuz kəndində Məmmədhüseyn Mazan oğlu, Paşa Hüseynəli oğlu əmlakları müsadirəmedilməklə güllələndilər. Ümumiyyətlə, üçlüyün 1930-cu il 22 və 23 sentyabr tarixli qərarı ilə Keçili kəndindən 10 nəfər, Kükü kəndindən 5 nəfər, Beçənək kəndindən 4 nəfər, Ərəfsə kəndindən 9 nəfər, Ləkətağ kəndindən 3 nəfər, Nahacir kəndindən 12 nəfər, Göynük kəndindən 6 nəfər, Dizə və Teyvaz kəndlərinin hər birindən bir nəfər güllələnmə cəzasına məhkum edilmişdilər.

 

Üsyançı dəstədə 200-dək adam birləşmişdi. Onlar xaricdə olan Kəlbalı xanın dəstələri ilə birləşib Naxçıvanda Sovet hökumətini devirmək istəyirdilər. Bolşeviklərin xalqa zidd siyasətindən narazı olanların hamısı – varlılar, ortabablar, hətta yoxsullar, bəzi partiya və komsomol işçiləri belə üsyana qoşulmuşdular. Sovet ordusunun Naxçıvandakı sərhəd dəstələri və milis üsyanı yatıra bilmədi. Buraya ordunun xüsusi səhra qoşun hissələri çağırıldı. Üsyançılar bir neçə həftə ordu və milis hissələri ilə qəhrəmancasına döyüşdülər. Qeyri-bərabər döyüşlərdə 100 nəfər üsyançı şəhid oldu və 120 nəfər həbs edildi. Lakin hökumət qüvvələri üsyançı dəstələri tam məhv edə bilmədi. 30-40 nəfər üsyançı dağlara çəkildi. Onlar camaatı yenidən üsyana qaldırmaq istəyirdilər. 1931-ci ilin qışında onu məhv etmək üçün hətta dağ artilleriyası da Sovet ordusuna kömək edə bilməmişdi. Lakin 1932-ci ilin aprelində üsyançı dəstə Sarı dağın ətəyində mühasirəyə alındı və ələ keçdi.

 

Burada istefada olan polis polkovniki Sadıq Sadıqovun “Tarixin qan yaddaşı” adlı üç cildlik əsərinə müraciət edək. Müəllif yazır: “Üsyançılar hökümət qüvvələri tərəfindən məğlub edildikdə onların ailə üzvləri və yüzə yaxın insan Kolanıya qaçmış, sonradan isə İrana keçmişdilər. Üsyanda iştirak edən Kolanıların ailə üzvləri isə Sibirə sürgün olunmuşdur”.

 

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru

"Karabakh Today"


Müəllif Zaur Əliyev