• Azərbaycan qaziləri Türkiyə Böyük Millət Məclisində - FOTOLAR

Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada görüşlərini davam etdirir.

Mayın 18-də, səfərin üçüncü günü nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında general-mayor Necdet Tuna ilə görüşüblər.

Görüşdə türkiyəli general Azərbaycan Silahlı Qüvvələrinin son dövrlər güclü inkişaf yolu keçdiyini, öz qüdrətini artırdığını deyib. Bunun əyani təzahürü kimi, 2016-cı ilin aprel döyüşlərini xatırladıb, Azərbaycan ordusunun Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ torpaqlarının müəyyən qismini azad etdiyini qeyd edib.

Daha sonra nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olublar. Parlament binasında Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Necdet Ünüvarla görüş keçirilib.

Dostluq qrupunun üzvü, Azərbaycanda da yaxşı tanınan türkiyəli deputat Nureddin Arasın da iştirak etdiyi görüşdə parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulanıb.

N.Ünüvar dostluq qrupunun fəaliyyətindən danışıb, iki ölkə silahlı qüvvələri, eləcə də qazilər arasında əməkdaşlığın böyük önəm kəsb etdiyini qeyd edib.

Görüşdə çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Emin Həsənli isə Azərbaycan qazilərinə Türkiyədə göstərilən diqqətdən məmnunluğunu bildirib, parlamentlərarası dostluq qrupunun fəaliyyətinin iki qardaş ölkə arasındakı əlaqələrdə özünəməxsus rol oynadığını diqqətə çatdırıb.

Heyətlə tanışlıqdan sonra N.Ünüvar son dövrlər hər iki ölkənin ciddi irəliləyişlər əldə etdiyini bildirib, Türkiyənin Afrində apardığı hərbi əməliyyatlara Azərbaycanda böyük dəstək verilməsini məmnunluqla qeyd edib. Bu sahədə Azərbaycanın hərbiyönümlü QHT-lərinin apardığı kampaniyaların rolunu xüsusi vurğulayıb.

Azərbaycan qaziləri Türkiyənin Müdafiə Nazirliyində nazir müavini, əslən azərbaycanlı Şuay Alpayla da görüş keçirib.

Nümayəndə heyətini qəbul edən nazir müavini babasının (ana tərəfdən) Xalq Cümhuriyyətinin süqutundan sonra Gəncədə bolşeviklərə qarşı mübarizə aparan qaçaq Məmmədqasım olduğunu deyib.

Nazir müavini babasının Sovet hakimiyyətinin təqiblərindən qurtulmaq üçün Türkiyənin Elazığ şəhərinə mühacirət etdiyini bildirib.

O, Türkiyənin müdafiə sənayesinin inkişafı, həmçinin, Azərbaycanın bu sahədə əldə etdiyi ciddi nailiyyətlərdən söz açıb, qazilərin iki qardaş ölkənin müasir tarixində böyük rol oyandığı qeyd edib.

E.Həsənli qəbula görə nazir müavininə minnətdarlığını bildirib, əməkdaşlığın davamlı olacağına və QHT-lərə Türkiyə Müdafiə Nazirliyinin hər zaman diqqət göstərcəyinə əminliyini bildirib, Azərbaycandakı kimi, qardaş ölkədə də qazilərin hərətərəfli qayğı ilə əhəta olunmasından məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyəti görüşlərini İstanbulda davam etdirəcək.

Karabakh Today

1

1

1